XƏBƏR VERMƏK
XƏCALƏT ÇƏKMƏK
OBASTAN VİKİ
Qafqazın bu tərəfinin xəbəri (qəzet)
"Qafqazın bu tərəfinin xəbəri" (qəzet)— 1845-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan qəzet. "Zaqafqazski vestnik" qəzeti nəşr olunanda Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazski vestnik"in Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq üzü gördü. Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini arxivdən aşkarlayaraq, foto-surətini mətbuatda çap etdirmişdir. Həmin foto-surətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1845-ci ildə nəşr edilmişdir. Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “hərgah mənzilbəmənzil gönədrilən məhbuslar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izin verildiyi bildirilir.